Türkiyənin terrorizmdən azad bölgə yaratmaq ideyası türklər, kürdlər, ərəblər və farslar arasında nifaq salmaq istəyənlərin planlarını alt-üst edib. Yarım əsrdir davam edən qanlı oyun artıq pozulub.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib. O qeyd edib ki, bu reallıq ilk dəfə Suriyanın şimalında baş verən hadisələrdə öz təsdiqini tapıb.
Dövlət başçısı birlik və həmrəyliyin önəminə diqqət çəkib: "Qardaşlığımız möhkəmləndikcə və silah, zorakılıq dövrü sona çatdıqca qazanan ölkəmiz, xalqımız və bölgəmizdəki qardaş xalqlar olacaq. Heç bir vətəndaşın buna şübhəsi olmasın".
Türkiyənin regional dəyişikliklərə tam hazır olduğunu vurğulayan Ərdoğan, enerji və nəqliyyat sahələrində görülən işlərdən danışıb. Onun sözlərinə görə, enerji təchizatı təhlükəsizliyi gücləndirilib, daxili resurslar işə salınaraq şaxələndirmə artırılıb. Eyni zamanda, ölkənin inşa etdiyi infrastruktur Londondan Çinə qədər uzanan fasiləsiz dəmir yolu xəttində həlledici rol oynayır.
Prezident həmçinin hökumətin ölkənin maliyyə sistemini daha da gücləndirdiyini və bank infrastrukturunun mümkün risklərə qarşı davamlı hala gətirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, indiyədək ümumilikdə 47 ölkə ilə yüksək səviyyəli Əməkdaşlıq şuraları yaradılıb.