Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dərbənd şəhərində əsaslı yenidənqurmadan sonra qapılarını yenidən açan Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivinə təbrik ünvanlayıb. Dövlət başçısının təbrik məktubu açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov tərəfindən səsləndirilib. Müraciətdə sözügedən mədəniyyət ocağının Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biri olduğu və uzun illərdir milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
Postxronika.az xəbər verir ki, Rusiya Federasiyasında Azərbaycan dilində fəaliyyət göstərən yeganə dövlət teatrı olan bu sənət ocağı müasir tələblərə tam uyğunlaşdırılıb. Tarixi XIX əsrə gedib çıxan teatr Dağıstanın mədəni həyatında xüsusi yer tutmaqla yanaşı, regionda yaşayan azərbaycanlıların mədəni kimliyinin yaşadılmasında əvəzsiz rol oynayır.
Teatrın təntənəli açılış mərasiminə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də videokonfrans formatında qoşulub. Rusiya lideri çıxışında yenilənmiş teatrın istifadəyə verilməsini Dağıstanın və ümumilikdə regionun mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirərək, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə hər kəs üçün əlçatan olmasının vacibliyini diqqətə çatdırıb.
Mərasimdə Dağıstan Respublikasının rəhbərliyi, eləcə də Azərbaycan nümayəndə heyəti və teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, açılış çərçivəsində Novruz bayramına həsr olunmuş silsilə tədbirlərin, mükafatlandırma mərasiminin və geniş konsert proqramının keçirilməsi planlaşdırılır.