YENİLƏNDİ - 14:30: Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.
Postxronika.az xəbər verir ki, mərhum sənətkarla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib və Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
12:12
Azərbaycanın görkəmli kino və teatr aktyoru, Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
Postxronika.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhum sənətkarın ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət və ictimai xadimlər, habelə çoxsaylı sənətsevərlər iştirak edirlər.
Xatırladaq ki, milli kinomuzun "Nəsimi"si və "Babək"i kimi tanınan ustad sənətkar ötən gün müalicə aldığı İstanbul xəstəxanalarından birində vəfat edib. Onun cənazəsi ötən gecə xüsusi reyslə Bakıya gətirilib.
Vida mərasimindən sonra Xalq artisti Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.