Martın 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı xeyli sayda hərbi arsenal aşkar olunub.

Postxronika.az DİN-in Mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, tədbirlər nəticəsində 9 avtomat, 1 pulemyot, 1 tapança və 17 tüfəng qanunsuz dövriyyədən çıxarılıb.

​Bundan əlavə, polis əməkdaşları 5 qumbara, 2 qumbaraatan, 2 alışdırıcı, həmçinin 27 patron darağı və 591 ədəd müxtəlif çaplı patron götürüblər.

Hazırda qanunsuz saxlanılan odlu silah-sursatın tapılması istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.