Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Postxronika.az xəbər verir ki, fərmana əsasən, 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
Sənədə əsasən, bu saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tapşırılıb.
Həmçinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Suriya Ərəb Respublikası Hökumətinə və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına müvafiq bildiriş göndərməlidir.