BBC korporasiyası şəxsi davranışı ilə bağlı irəli sürülən şikayətlərə görə tanınmış aparıcı Skott Millsi vəzifəsindən azad edib. Şirkət rəhbərliyi 53 yaşlı ulduzla əməkdaşlıq müqaviləsinə son verildiyini təsdiqləsə də, qərarın detallarını ictimaiyyətə açıqlamayıb.

Postxronika.az xəbər verir ki, stansiyanın ən çox gəlir əldə edən simalarından biri olan DJ hələ 2018-ci ildə ağır cinsi cinayətlərdə şübhəli bilinərək polis tərəfindən dindirilib. Lakin 1997-2000-ci illəri əhatə edən həmin hadisələrlə bağlı istintaq sübut çatışmazlığı səbəbindən 2019-cu ildə dayandırılıb. Teleradio şirkətinin son addımının bu köhnə araşdırma ilə əlaqəli olub-olmadığı hələlik tam aydınlaşmayıb.