Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minatəmizləmə fəaliyyəti zamanı vəzifə borcunu yerinə yetirərkən həlak olmuş şəxslərin ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə yeni Fərman imzalayıb. Qərara əsasən, həlak olan minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 (yeddi yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Postxronika.az xəbər verir ki, dövlət başçısının 31 mart 2026-cı il tarixində imzaladığı sənədə əsasən, bu təqaüd minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya aldığı xəsarətdən həyatını itirən şəxslərin ailələrinə şamil olunur.
Təqaüd məbləği aşağıdakı ailə üzvləri arasında onların sayına uyğun olaraq bərabər hissələrə bölünməklə ödəniləcək:
Dul arvadına (ərinə) və valideynlərinə;
18 yaşına çatmamış övladlarına (peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanlara həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək);
18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına;
Uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
Birinci növbədən digər qohumları olmayan baba və nənələrinə.
Ödəniş qaydaları və digər detallar:
Maliyyələşmə: Təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödəniləcək.
Əvvəlki hadisələrə tətbiqi: Bu qərar Fərman qüvvəyə mindiyi tarixədək oxşar bədbəxt hadisə nəticəsində həlak olmuş və ya xəsarətdən həyatını itirmiş minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir. Ödənişlər Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün həyata keçiriləcək.
Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.