Yaponiyalı məşhur rejissor Şinya Tsukamoto "Cənab Nelson, siz adam öldürmüsünüz?" adlı yeni ingilisdilli dramını təqdim edib. Dörd fərqli ölkədə lentə alınan bu ekran işi Vyetnam müharibəsi veteranı olan afroamerikalının real həyat hekayəsinə əsaslanır.
Postxronika.az xəbər verir ki, layihənin baş rollarını tanınmış aktyor Rodni Hiks və "Oskar" mükafatçısı Ceffri Raş canlandırırlar. Süjet xətti yoxsulluqdan xilas olmaq üçün orduya qatılan, lakin müharibədən ağır travmalarla qayıdaraq uzun müddət evsiz qalan Allen Nelsonun faciəli yaşantılarından bəhs edir. Müalicə aldıqdan sonra sülh fəalına çevrilən baş qəhrəman ömrünün sonunadək Yaponiyada müharibə əleyhinə aktiv təbliğat aparıb. Sentyabr ayında Yaponiyada nümayişi planlaşdırılan bioqrafik filmin Venesiya Kino Festivalında da premyerası gözlənilir.