Son vaxtlar qeyri-müntəzəm sərnişindaşıma və yükdaşıma fəaliyyəti zamanı baş verən qəza hallarının artması müşahidə edilməkdədir. Ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsi olmayan yük avtomobilinin aşması, dekabrda Sahil qəsəbəsi və Şəmkirdə sərnişin daşıyan avtobusların qəzaya uğraması və insan tələfatı nəqliyyat vasitələrinin nasazlığı və sürücülərin iş-istirahət rejiminə əməl etməməsi kimi ciddi problemləri gündəmə gətirib.
Postxronika.az xəbər verir ki, əvvəllər bu fəaliyyət növü üçün yalnız şəxsiyyət vəsiqəsi (fərdi sahibkarlar üçün), VÖEN və reyestr çıxarışı tələb olunurdu ki, bu da nəzarət prosesində çətinliklər yaradırdı. Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı haqqında" Qanuna təsdiq etdiyi yeni dəyişikliklər məhz bu sahədə (turist, rayonlararası sifarişli daşımalar, korporativ servislər, özəl tədbirlər üçün kirayələnən nəqliyyat və yükdaşımalar) təhlükəsizliyin və xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Qanuna edilən dəyişiklikdən sonra sifarişli sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazə alarkən tələb olunan əlavə sənədlər və şərtlər aşağıdakılardır:
Tibbi arayış: Sürücünün narkotik sərxoşluq vəziyyəti barədə tibbi müayinəsinin nəticəsi;
Reysqabağı yoxlanış: Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi;
Xüsusi hazırlıq: Sürücülərin AYNA-nın Təlim-Tədris Mərkəzində xüsusi hazırlıq keçməsini və Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməsini təsdiq edən sənədlər;
Sığorta: Avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
İcbari sığorta: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin sürücünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası;
Təcrübə və yaş həddi: Yaşı 21-dən çox və minimum 2 il sürücülük təcrübəsi olan, “B” və ya “BE” kateqoriyalı sürücülük vəsiqəsi.
Artıq qüvvəyə minən bu sənəd tələbləri (reysqabağı tibbi və texniki müayinə istisna olmaqla) sifarişli daşıma icazəsi hazırda aktiv olan sürücülərə və nəqliyyat vasitələrinə şamil edilmir. İcazə qaydaları yalnız bu fəaliyyətlə yeni məşğul olmaq istəyənlərə aiddir. Eyni zamanda, yol hərəkəti iştirakçılarına təhlükə yarada biləcəkləri üçün yük və sərnişin daşıyan müxtəlif müəssisələr də “daşıyıcı” anlayışına daxil edilib.
İcazələrin alınması tam ödənişsizdir
Qanunvericiliyin hazırkı tələbinə əsasən, ölkədaxili sifarişli sərnişindaşıma və yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Müraciətlər elektron qaydada həyata keçirilir. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq “Daşıyıcılar” altsistemindən avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi bölməsini seçməlidirlər.
Xatırladaq ki, icazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək inzibati məsuliyyət yaradır. Növbəti mərhələdə qeyri-müntəzəm sərnişin və yük daşımaları ilə məşğul olan nəqliyyat vasitələrinə münasibətdə yeni tələblər Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.