Barselonada İspaniya və Misir milli komandaları arasında keçirilən yoldaşlıq oyununda yerli tərəfdarların islamofob və ksenofob şüarlar səsləndirməsi ciddi narazılığa səbəb olub. Matç zamanı irqçi ifadələrin işlədilməsi, həmçinin rəqib ölkənin himninə hörmətsizlik edilməsi səbəbindən polis tərəfindən araşdırmalara başlanılıb. İspaniya yığmasının gənc ulduzu Lamine Yamal sosial şəbəkə hesabında bu cür halları dözülməz adlandıraraq, dindən yaşıl meydanlarda istehza vasitəsi kimi istifadə edənləri cahillikdə günahlandırıb.

Postxronika.az xəbər verir ki, Kataloniyanın regional hüquq-mühafizə orqanı olan "Mossos d'Esquadra" hazırda stadionda baş verən bu ayrı-seçkilik insidentini dərindən araşdırır. Ölkənin ədliyyə naziri Feliks Bolaños və millinin baş məşqçisi Luis de la Fuente də məsələyə münasibət bildirərək, nifrət nitqini, o cümlədən ksenofobik davranışları cəmiyyət üçün utancverici adlandırıblar. Qeyd edək ki, qlobal turnirlərə hazırlıq xarakteri daşıyan bu qarşılaşma əvvəlcə Qətərdə planlaşdırılsa da, Yaxın Şərq regionunda yaranmış hərbi gərginliklər səbəbindən İspaniyada təşkil edilib.