Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarının da Türkiyə liderinə çatdırılmasını xahiş edib.

Postxronika.az xəbər verir ki, söhbət zamanı Cevdet Yılmaz Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib və bunun Şuşa Bəyannaməsinin başlıca prinsiplərindən biri olduğunu xüsusi vurğulayıb. Öz növbəsində Prezident İlham Əliyev də Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu diqqətə çatdırıb. Görüşdə iki ölkə arasındakı strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından, habelə qarşılıqlı səfərlərin bu əlaqələrin genişlənməsinə verdiyi töhfədən məmnunluq ifadə olunub.

Söhbət əsnasında Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərin görüşünün əhəmiyyəti qeyd edilib, bu tədbirin təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm imkanlar yaratdığı bildirilib. Həmçinin, Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin sözügedən toplantıda iştirakını məmnunluqla qarşılayaraq, buna görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü ifadə edib.

Türkiyənin Vitse-prezidenti ötən il Qəbələdə baş tutan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu xatırladaraq, Azərbaycanın təşkilata sədrliyinin uğurlu olduğunu diqqətə çatdırıb. Görüşün sonunda ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, bölgədəki mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.