Kann Film Festivalının "Marché du Film" bazarı 2026-cı ilin 12-20 may tarixlərində keçiriləcək növbəti buraxılışına hazırlaşır. Tədbir builki proqramı ilə yaradıcılıq, texnologiya və kino sənayesinin kəsişmə nöqtəsi kimi mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir. Proqramın əsas yenilikləri arasında ilk dəfə təşkil olunacaq Kreativ İqtisadiyyat Sammiti və tarixin ən böyük virtual prodakşn (VP) səhnəsi yer alır.
Postxronika.az xəbər verir ki, festival çərçivəsində təqdim ediləcək nəhəng virtual platforma çəkiliş proseslərindəki son nailiyyətləri əyani nümayiş etdirəcək. Həmçinin ötən il böyük marağa səbəb olan "İstedadlar üçün süni intellekt" (AI for Talent) sammiti builki genişləndirilmiş variantı ilə sektorun liderlərini bir araya gətirəcək. İştirakçılar istehsalatda süni intellektin tətbiqi, etik məsələlər və rəqəmsal alətlərin tədrisi kimi aktual mövzuları iki gün ərzində müzakirə edəcəklər.
"Carlton" hotelində yerləşən immersiv layihələr sərgisi isə eyni vaxtda yüzlərlə izləyicini qəbul edə biləcək xüsusi məkanda təşkil olunacaq. Kreativ İqtisadiyyat Sammiti rəqəmsal məzmun yaradıcılarının böyük kinoya keçid imkanlarını və müasir marketinq üsullarını araşdıracaq. Bazarın icraçı direktoru Qiyom Esmiolun sözlərinə görə, bütün bu təşəbbüslər həm bədii yaradıcılığa, həm də biznes modellərinin təkmilləşməsinə xidmət edir.