''Apple Original Films''in ərsəyə gətirdiyi "Propeller One-Way Night Coach" filmi 2026-cı il Cannes Film Festivalında dünya premyerasını edəcək. Bu ekran işi dünyaşöhrətli aktyor Con Travoltanın rejissor kimi ilk böyük layihəsidir. 


Postxronika.az xəbər verir ki, ssenari sənətçinin 1997-ci ildə qələmə aldığı, öz uşaqlıq xatirələrinə və aviasiyaya əsaslanan kitabın motivləri əsasında hazırlanıb. Hekayə gənc Ceff və anasının Hollivuda doğru çıxdığı unudulmaz təyyarə səyahətindən bəhs edir. Mayın 29-da "Apple TV" platformasında yayımlanacaq filmdə baş rolları Klark Şotvell və Kelli Eviston-Kvinnett ifa edir. Aktyorun qızı Ella Blö Travolta da layihədə çəkilərək atasının debütündə iştirak edib.


Festivalın rəsmi açılışı mayın 12-də baş tutacaq və 72 yaşlı sənətçi tədbirə şəxsən qatılacaq. Karyerası ərzində "Pulp Fiction" kimi şah əsərlərlə Kannın qonağı olan kino ulduzu bu dəfə fərqli ampluada tamaşaçı qarşısına çıxacaq. Peşəkar pilot lisenziyasına malik olan Travolta 9 min saatdan çox uçuş təcrübəsinə sahibdir. Beləliklə, o, ömürlük hobbisi olan təyyarəçiliyi kinematoqrafiya ilə bu layihədə uğurla birləşdirib.