Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik gətirən mütəşəkkil qrup ifşa olunub.
Postxronika.az xəbər verir ki, Astara və Qaradağ rayonlarında reallaşan əməliyyatlar zamanı əvvəllər ağır cinayətlərə görə məhkum edilmiş Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Şübhəli şəxslərdən ümumilikdə 43 kq 300 qram çəkidə, tərkibi zərərli qatqılarla gücləndirilmiş marixuana müsadirə edilib. Araşdırmalar zamanı onların İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək, narkotik vasitələri qazanc məqsədilə müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən olunub. Faktla bağlı başlanmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq orqanları narkotik şəbəkəsinin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.