Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə intensiv yağıntı və şimşək çaxacağı proqnozlaşdırılır.
Postxronika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dağ çaylarında sel və daşqın ehtimalı ilə bağlı əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək çağırışı edilib.
Nazirlik subasma təhlükəsi zamanı vətəndaşlara dərhal yüksək yerlərə sığınmağı və xilasedicilərin təlimatlarına əməl etməyi tövsiyə edir. Güclü külək zamanı isə yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq vacibdir. Küləkli hava şəraitinin yanğın riskini artırdığını nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir.
Bundan əlavə, kiçikhəcmli gəmilərin dənizə çıxması qadağan edilib, ildırım zamanı isə elektrik cihazlarından və rabitə vasitələrindən istifadənin dayandırılması tapşırılıb. Açıq havada olan şəxslər çökək yerlərdə daldalanmalı, avtomobildə olanlar isə hərəkəti dayandıraraq təhlükənin keçməsini gözləməlidirlər.
FHN xatırladır ki, hər hansı fövqəladə hadisə zamanı dərhal "112" qaynar xəttinə zəng edilməlidir.