Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Postxronika.az xəbər verir ki, Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zamanı səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 poqon metr uzunluqda əlavə suötürücü dəmir-beton boru quraşdırıb.
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqatı quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb. Həmçinin, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.
Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istismara yararsız təxliyyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.
Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri də yağış sularından təmizlənir.
Bununla yanaşı, Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsində d200 mm kanalizasiya xəttində yüklənmə səbəbindən tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı rayon sukanal idarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsilə tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.