Amerika ordusu İran ərazisində vurulan F-15 qırıcısının itkin düşmüş hərbçisini uğurlu xüsusi əməliyyatla xilas edib. Qəza zamanı katapult edən iki heyət üzvündən biri daha əvvəl tapılsa da, polkovnik rütbəli digər zabit 24 saatdan çox dağlarda gizlənməyə məcbur olub. Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə həyata keçirilən bu addımı ölkə tarixinin ən cəsarətli axtarış missiyalarından biri adlandırıb.
Postxronika.az xəbər verir ki, mürəkkəb qurtarma prosesi heç bir ABŞ əsgəri xəsarət almadan müvəffəqiyyətlə yekunlaşıb. Rəsmi Tehran hərbi təyyarəni öz hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv etdiyini və axtarışlar gedişatında bir pilotsuz aparatı da vurduğunu iddia edir. Lakin çətin relyefdə təkbaşına sağ qalan amerikalı döyüşçünün sağ-salamat geri qaytarılması İranın cəhdlərini boşa çıxarıb.