Böyük Britaniyanın Baş naziri Kir Starmer və digər rəsmilər amerikalı reper Kanye Vestin Londonda keçiriləcək "Wireless" musiqi festivalında çıxış etməsinə kəskin etirazlarını bildiriblər. Səbəb kimi qalmaqallı sənətçinin keçmişdə səsləndirdiyi antisemitik fikirləri və nasizmi təbliğ etməsi göstərilir. Artan ictimai qınaqların ardınca tədbirin əsas sponsoru olan "Pepsi" şirkəti dərhal festivala maliyyə dəstəyini dayandırıb.

Postxronika.az xəbər verir ki, bəzi partiya liderləri və yəhudi icmasının nümayəndələri müğənninin ölkəyə girişinə tamamilə qadağa qoyulmasını tələb edirlər. Vest son aylar yəhudilərdən rəsmən üzr istəyərək əvvəlki əməllərini bipolyar pozğunluqla əlaqələndirsə də, rəsmi London bu bəyanatları səmimi qəbul etmir. Hazırda Britaniyanın aidiyyəti qurumları tərəfindən amerikalı musiqiçiyə viza verilməməsi məsələsi ciddi şəkildə nəzərdən keçirilir.