Paytaxtda davam edən yağıntılı hava şəraiti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət ünvanlayıb. 

Postxronika.az xəbər verir ki, qurum yol örtüyünün sürüşkənliyini və görmə məsafəsinin azalmasını nəzərə alaraq sürücüləri maksimum diqqətli olmağa çağırıb. Sürücülərə sürət həddini azaltmaq, ara məsafəsini artırmaq və nəqliyyat vasitəsinin işıq sistemlərinin sazlığına nəzarət etmək tövsiyə olunur. Piyadalardan isə yolu keçərkən avtomobillərin tam dayandığına əmin olmaları və asan seçilən geyimlərdən istifadə etmələri xahiş edilir. Xüsusilə yağışlı havada piyada keçidlərindən istifadənin həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qaydalara riayət edilməsi yollarda yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün mütləqdir.