Bakıda keçirilən ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin beşinci günündə kişi boksçular arasında finalçılar müəyyənləşib.

Postxronika.az xəbər verir ki, Azərbaycan millisinin 11 üzvü həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb. Maraqlıdır ki, finalçıların 8-i dörd müxtəlif çəki dərəcəsində qızıl medal uğrunda məhz öz komanda yoldaşları ilə üz-üzə gələcək.

​Yarışın yarımfinal mərhələsində məğlub olan kişi boksçularımız — Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Qadın boksçuların mübarizəsində isə Günel Rəhimova (51 kq) və Emili Rzayevanın (65 kq) göstəriciləri ilə birlikdə komandamızın bürünc mükafatlarının ümumi sayı 10-a çatıb.

​Qeyd edək ki, 10 ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq. Boks Mərkəzində təşkil olunacaq final döyüşləri saat 13:00-da start götürəcək.