Azərbaycanın kişi voleybol komandaları arasında keçirilən Yüksək Liqanın yarımfinal mərhələsinə start verilib.
Postxronika.az xəbər verir ki, aprelin 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Zalında baş tutan hər iki qarşılaşma gərgin mübarizə ilə yadda qalsa da, qaliblər cəmi 3 setdə müəyyənləşib.
Günün ilk oyununda “Murov Az Terminal” komandası “Xilasedici” ilə üz-üzə gəlib. Görüş “Xilasedici”nin tam üstünlüyü və 3:0 (25:20, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal qarşılaşmasında isə “ORDU” kollektoru “Neftçi”ni qəbul edib. “ORDU” rəqibinə heç bir şans verməyərək 3:0 (25:12, 25:14, 25:16) hesabı ilə inamlı qələbə qazanaraq final yolunda böyük üstünlük əldə edib.
Reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə keçirilən iki oyundan ibarətdir. Əgər iki oyunun nəticəsinə görə qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün “qızıl set” oynanılacaq. Komandalar arasındakı həlledici cavab görüşlərinin aprelin 14-də keçirilməsi planlaşdırılır.