Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər nazirləri Fars körfəzi regionunda hərbi-siyasi vəziyyətin misilsiz eskalasiyasını telefon vasitəsilə müzakirə ediblər.
Postxronika.az xəbər verir ki, Sergey Lavrov və Şeyx Abdullah bin Zayed Al Nəhyan hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar. Tərəflər silahlı qarşıdurmada iştirak etməyən ölkələrin də mülki infrastrukturuna ciddi ziyan dəydiyini və insan tələfatının artdığını qeyd ediblər. Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində regionda gərginlik pik həddə çatıb. Tehran və digər iri şəhərlərə endirilən zərbələr, həmçinin İranın cavab addımları qonşu dövlətlərin də təhlükəsizliyini təhdid edir. Hazırda diplomatik kanallar vasitəsilə böhranın dərinləşməsinin qarşısını almaq üçün səylər davam etdirilir. Donald Trampın son xəbərdarlıqları isə regionda hərbi riskləri daha da artırıb.