"ASAN xidmət"in "ASAN AI Hub" platforması tərəfindən həyata keçirilən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi uğurla başa çatıb.

Postxronika.az xəbər verir ki, ümumilikdə 17 innovativ həllin təqdim olunduğu müsabiqədə hər çağırış üzrə ən yüksək nəticə göstərən iştirakçılar müəyyən edilib. "Aqrar Ticarət Platforması" üzrə Sənan Cəfərov və Xəyal Əhmədov, "YONCA" layihəsi üzrə isə Zümrüd və Asiman İsmayılovalar qalib seçiliblər. 1000 AZN məbləğində mükafatla təltif olunan komandalar süni intellekt əsaslı risk qiymətləndirmə və təsərrüfat planlayıcısı sistemlərini təqdim ediblər.

Qeyd edək ki, "Digital Umbrella" ilə birgə reallaşan bu layihə dövlət, biznes və akademiya arasında rəqəmsal əməkdaşlığı gücləndirməyi hədəfləyir. Hazırda platforma üzərindən yeni texnoloji problemlərin həlli istiqamətində müraciətlərin qəbulu davam edir.