Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsindəki təşəbbüslərə dəstək verməyə hazır olduğunu bəyan edib.
Postxronika.az xəbər verir ki, bu barədə qurumun ölkə üzrə nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Asiyanın İnkişaf Perspektivləri" icmalının təqdimatında məlumat verib. Bank rəsmisi Avropanın karbohidrogenlərdən asılılığı azaltmaq istədiyini və bu kontekstdə Azərbaycanın günəş enerjisi sektoruna yatırdığı investisiyaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Artıq özəl sektor xətti ilə Energetika Nazirliyi ilə birgə üç iri layihənin maliyyələşdirildiyi diqqətə çatdırılıb. Gələcəkdə ölkəmizin yüksək potensiala malik külək enerjisi sektorunda da iştirak imkanları nəzərdən keçirilir. Sunniya Durrani-Camalın sözlərinə görə, zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji mövqeyə sahibdir. ADB bu əlverişli perspektivləri reallaşdırmaq üçün hökumətə lazımi investisiya dəstəyini göstərməyi hədəfləyir.