Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində "Çevikçi" kursunu müvəffəqiyyətlə başa vurmuş hərbi qulluqçuların təntənəli təqdimat mərasimi keçirilib.
Postxronika.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, tədbir çərçivəsində hərbi hissənin ərazisindəki şəhidlərin xatirə kompleksi ziyarət olunub, Ümummilli Lider Heydər Əliyevin və vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu islahatlarının ölkənin müdafiə qüdrətini yeni mərhələyə çatdırdığını vurğulayıb. O qeyd edib ki, DSX-nin maddi-texniki bazasının gücləndirilməsi və ən müasir texnologiyaların tətbiqi sərhədlərimizin toxunulmazlığının təmin edilməsində həlledici rol oynayır. Bildirilib ki, bu gün təqdim edilən beretlər hərbi qulluqçuların yüksək peşəkarlığının, döyüş hazırlığının və Vətənə sədaqətinin rəmzidir.
Yüksək hazırlıq nümayiş etdirərək beretləri qəbul edən hərbi qulluqçular göstərilən etimada görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər. Onlar Vətənə, Dövlət Bayrağına və dövlətçilik ideyalarına sadiq qalacaqlarına, sərhədlərin müdafiəsi uğrunda hər an döyüşə hazır olduqlarına dair təntənəli şəkildə and içiblər.
Tədbir şəxsi heyətlə xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.