Azərbaycan stolüstü tennisinin tarixində əlamətdar bir gün yaşanıb. Yığma komandamızın üzvü Nihad Məmmədov topu uzaq məsafədən oyuna daxil etməklə dünya rekordunu yeniləməyə nail olub.
Postxronika.az xəbər verir ki, bu gün "Şüa İdman Kompleksi"ndə keçirilən xüsusi mərasimdə idmançımız öz hədəfinə çatıb.
Daha əvvəl türkiyəli Osman Gürcüyə məxsus olan 16,70 metrlik rekord, Nihad Məmmədovun 17 metr məsafədən uğurlu cəhdi ilə geridə qalıb. İdmançımızın performansı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun bilavasitə nəzarəti altında qeydə alınıb.
Qeyd edək ki, Nihad Məmmədovun bu göstəricisi rəsmiləşdirilmək üçün müvafiq qaydada “Ginnesin Rekordlar Kitabı”nın baş ofisinə göndərilib. Rəsmi təsdiq və sertifikatın verilməsi prosesinin 4-8 həftə çəkəcəyi gözlənilir.