​Aprelin 11-i və 12-də ölkə ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə istiqamətində uğurlu tədbirlər həyata keçirilib.

​Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Postxronika.az-a verilən məlumata görə, ötən iki gün ərzində qeydə alınan 83 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin edilib. Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

​Həmçinin axtarışda olan şəxslərin tutulması istiqamətində keçirilən tədbirlər nəticəsində ümumilikdə 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 31-i borclu şəxs qismində axtarışda olanlardır.

​Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.