1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda siyasi vəziyyət özünün ən gərgin dövrünə qədəm qoymuşdu. Cahanşümul Oktyabr inqilabından sonra bolşeviklər bu nüfuzu bütün imperiya hüdudlarına yaymaq istəyirdilər. Bu planın mərkəzində dayanan əsas fiqur isə V.İ. Leninin Cənubi Qafqazda əsas tərəfdaşı bolşevik Stepan Şaumyan idi. Şaumyanın regiondakı fəaliyyəti sadəcə bir siyasi ideologiyanın təbliği deyil, Bakı nefti üzərində nəzarəti təmin etmək və regionu Sovet Rusiyasının tərkibində saxlamaq üçün hazırlanmış strateji bir gediş idi.
Şaumyanın planı ilkin olaraq Tiflis daxil olmaqla bütün Cənubi Qafqazda Sovet hakimiyyətini qurmaq idi. Lakin o, Tiflisdə ciddi müqavimətlə qarşılaşdı. Noyabrın ortalarında Tiflisdə keçirilən və Xüsusi Zaqafqaziya Komitəsinin ("Ozakom"un) yerinə Zaqafqaziya Komissarlığının yaradılması ilə nəticələnən konfransda bolşeviklər azlıqda qaldılar. Şaumyan, Maxaradze və digər bolşevik nümayəndələr regionun Rusiyadan ayrılmasına etiraz edərək konfransı tərk etdilər. Komissarlığın qurulması ilə bolşeviklər Petroqradda bənzər ssenarini Tiflisdə təkrarlamaq qərarına gəlirlər və hərbi çevrilişə hazırlaşdılar.
Komissarlığın qurulmasından 2 gün sonra – 1917-ci ilin noyabrın 17-də bolşeviklər tərəfdarları olan fəhlələri silahlandırmağa başladılar. Bolşeviklər belə düşünürdülər ki, çevriliş başlayan kimi Tiflis qarnizonu onları müdafiə edəcək. Lakin bir neçə gün sonra Tiflis Sovetinin tabeçiliyində olan Xalq Qvardiyası (Qızıl Qvardiya) şəhərdəki silah anbarını mühasirəyə alaraq ələ keçirdi.
1917-ci il dekabrın 3-də menşevik Noy Jodaniya bəyan edir: "Biz yatmaqdan başqa əllərindən bir iş gəlməyən petroqradlı dostlarımıza bənzəmirik. Onlar yuxudan oyananda bolşeviklər artıq hər kəsin əl-qolunu bağlayıb hakimiyyəti ələ keçirmişdilər". Lenin Qafqazdakı vəziyyətlə bağlı bolşevik Tsintsadzedən məlumat alarkən Tiflis silah anbarının işğal xəbərini gətirirlər. O, bolşeviklərin zəifliyini tənqid edərək deyir: "Görünür, siz silah anbarını menşeviklərə öz əllərinizlə təslim etmisiniz".
Bolşeviklərin hərbi çevriliş cəhdinin uğursuzluqla bitməsindən narahat olan Şaumyan dekabrın 6-da Tiflisə gəlir. O, komissarlıqdan bolşeviklərin Petroqraddakı hakimiyyətini rəsmən tanımasını tələb edir. Şaumyan hədə-qorxu gələrək bildirir ki, əgər komissarlıq bu tələblə razılaşmasa, o, ordu yığıb bolşevik mənafeləri uğrunda döyüşəcək. Qafqaz bolşeviklərinin mərkəzi komitəsi əsgərlərin çoxunun onlara tərəfdar olduğuna inanırdı. Bu inamı təsdiqləmək və menşeviklərin gözünü qorxutmaq üçün 10-13 dekabr tarixlərində Qafqaz ordusunun ikinci qurultayını keçirmək qərarına gəlirlər. Bolşevik nümayəndələr rəqiblərini əks-inqilabçılarla əməkdaşlıqda və sülhü təhlükəyə atmaqda günahlandırırdılar.
Menşevik Gegeçkori isə bolşeviklərin ordunu siyasətə qatmasını kəskin tənqid edir. Qurultay bir bəyanat yayaraq ordunu bolşeviklərə uymamağa və cəbhəni tərk etməməyə çağırır. Eyni zamanda, əsgərlərin məzuniyyətə buraxılma prosesinin normal qaydada davam etməsini tələb edirlər. Qurultay ordunun yeni regional sovetini müdafiə edir. Bu sovetdə 52 bolşevik və sol inqilabçı sosialist, 48 menşevik, daşnak və sağ sosialist var. Ordu sovetinin rəisliyini əvvəllər Çar topxanasında xidmət etmiş Korqanov icra edir. Bolşeviklər ordu sovetində əksəriyyəti ələ keçirsələr də, rus əsgərlərinin himayəsini təmin edə bilməmişdilər. Rus əsgərləri Qafqazdakı hadisələrə biganə yanaşır, yalnız öz evlərinə dönmək barədə düşünürdülər.
Dekabrın 28-də Korqanov hərbi komitə təşkil etsə də, lazım olan sayda əsgər toplaya bilmədi. Orduda bəzi komandirlər güc tətbiq edərək hakimiyyəti ələ keçirməyin tərəfdarı deyildilər. Adı çəkilən komitə özünü təhlükədə hiss etdiyindən 1918-ci il yanvarın 5-də Bakıya sığındı. Bakıda qırmızı qvardiya birlikləri yaratmağa çalışan Bolşevik partiyasının mərkəzi komitəsi, fəhlələri menşeviklərin təsirindən uzaqlaşdırmağa çalışırdı. Bundan əlavə, menşeviklərin 1917-ci il dekabrın 19-da keçirilməsini planlaşdırdıqları ikinci İşçi Sovetləri Qurultayında bolşeviklər əksəriyyəti ələ keçirə bilməyəcəklərini bəhanə edərək, nümayəndə seçkisi ilə bağlı qaydalara etiraz edirdilər. Onlar iddia edirdilər ki, seçki qaydalarında qeyri-dəqiqlik var və bu, düzgün seçimə imkan verməyəcək. Bu qaydaya görə, hər nümayəndə üçün 500 seçici nəzərdə tutulurdu. Buna görə də bolşeviklər təklif edirdilər ki, hər bolşevik nümayəndəsi dörd etibarnamə təqdim etməlidir. Bu zaman menşeviklər hələ də sovetlərdə əsas söz sahibi idilər. Onlar bolşeviklərin silahlı müdaxiləsinin qarşısını almaq üçün milli qüvvələri formalaşdırmaq istəyirdilər. Məhz bu səbəbdən bolşeviklərin təklifi menşeviklər tərəfindən rədd edildi. Menşeviklər bolşeviklərin təbliğatına uymuş rus əsgərlərini tərksilah etmək istəyirlər. Bir çox rus əsgəri cəbhələrdən uzaqlaşdırılıb Bakıya göndərilir.
Bolşeviklərin Qafqazı nəzarət altına almaq cəhdləri nəticəsiz qaldıqdan sonra yanvarın 16-da Leninin başçılığı ilə Xalq Komissarları Sovetində Qafqazın vəziyyəti müzakirə olunur. Lenin israrla deyir ki, Qafqazda bolşeviklərdən başqa heç bir hakimiyyəti tanımayacaqdır. Lenin dekabrın 18-də Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edir. Bu qərarın mətnini məşhur inqilabçı terrorçu Kamo (Ter-Petrosyan) Şaumyana çatdırır. Yeni vəzifəsini asanlıqla icra edə biləcəyinə inanan Şaumyan yanvarın 22-də Tiflisə gedir. Lakin Şaumyan Qafqazda özünü tək alternativsiz hakimiyyət kimi təqdim etdikdə menşeviklərin müxalifəti ilə üzləşir. Bu müddət ərzində menşeviklərin fəaliyyəti ölkəni vətəndaş müharibəsinə doğru sürükləməkdə idi. Hər iki tərəf arasındakı anlaşılmazlıq sadə xalq kütləsinə böyük ziyan vururdu. Güman etmək olar ki, əgər Tiflisdə bir vətəndaş müharibəsi baş versəydi Erməni İnqilabi Federasiyası- Daşnaksütyun partiyası Bakıda olduğu kimi Tiflisdə də bolşevikləri dəstəkləyər və bu dəstək Bakıda olduğu kimi Tiflisdə də yerli əhalinin daşnaklar tərəfindən qətliama məruz qalması ilə nəticələnə bilərdi. Çünki daşnaklar siyasi düşmənləri olmalarına rəğmən bolşeviklərin Cənubi Qafqazı Rusiyanın tərkibində saxlamaq siyasətini dəstəkləyirdilər.
Zaqafqaziya komissarlığı bolşevik hakimiyyətini tanımadığı üçün 1918-ci il fevralın 10-da yeni qanunlar hazırlayacaq müstəqil bir məclis qurmaq qərarına gəlir. Bu məclisdə daha əvvəl milli şuralar tərəfindən qurucu məclisə seçilmiş nümayəndələr iştirak etməli idilər. Bolşeviklərin də bu məclisə öz nümayəndələrini göndərmələrini istəyirlər. Lakin bolşeviklər bu təklifi rədd edirlər. Bolşevik komitəsi öz mövqeyini belə izah edir ki, bu birliyin yaradılması Qafqazın Rusiyadan ayrılmasına yol açacaq. Onların fikrincə, bu, seçicilərin iradəsi ilə ziddiyyət təşkil edir. Çünki seçicilər bu nümayəndələri Qafqazı Rusiyadan ayırmaq üçün deyil, bütün xalqları təmsil edən bir məclis üçün seçmişdilər.
Müəssisələr Məclisinə seçilən nümayəndələrin sayı kifayət qədər az idi. Bu səbəbdən Zaqafqaziya komissarlığı yeni məclisin qurulması üçün nümayəndə sayını üç dəfə artırmaq qərarını verir: 36 menşevik, 30 müsavatçı, 27 daşnak, 19 inqilabçı sosialist, 7 müsəlman sosialist nümayəndəsi, 4 Hümmət partiyası üzvü, 3 İttihad partiyası üzvü və 4 gürcü sosialist-federalist üzvünün yeni məclisdə təmsil olunması nəzərdə tutuldu. Çxenkelinin rəhbərlik etdiyi menşevik fraksiyası məclisin qurulmasında böyük rol oynadı. Fevralın 10-da məclis fəaliyyətə başladı. Həmin gün bolşeviklər Tiflisin Aleksandrovsk meydanında etiraz aksiyası keçirdilər. Mitinq güclə dağıdıldı; bir neçə nəfər öldü, çoxu isə yaralandı. Bolşeviklərin bu məclisə qatılmaması onların fəaliyyətlərini qadağan etmək üçün yaxşı bir bəhanə oldu. Yeni qurulan məclis bolşeviklərə qarşı sərt tədbirlər gördü. Tiflisdə olan Şaumyanın həbs olunma təhlükəsi yarandı. Bolşeviklərin üç dildə nəşr olunan qəzetləri qadağan edildi. Qafqaz komitəsi və digər bolşevikmeyilli təşkilatların fəaliyyəti qanunsuz elan olundu. Erməni mənafelərini qorumaq üçün bolşeviklərlə əməkdaşlıq imkanlarını itirən daşnaklar, yeni məclisdə menşeviklər və müsavatçılarla birlikdə hərəkət etmək məcburiyyətində qaldılar. Daşnak partiyasının Bakıda fəaliyyət göstərən komitəsi isə bolşeviklərlə əməkdaşlıq etməyə nail oldu.
Bundan sonra Qafqazda Tiflis bolşeviklərə qarşı mübarizənin mərkəzinə, Bakı isə kommunistlərin qalasına çevrilir.
Menşeviklər Şaumyanı həbs etmişdilər. O, fevralın 20-də Tiflisdən qaçaraq Bakıya gəlir. Şaumyan mərkəzi sovetlərin köməyi ilə qırmızı ordu qurmağa ümid edirdi. Bu yolla Tiflisi işğal edib Seymi ortadan qaldırmaq istəyirdi. Çünki Seym dağılarsa, fəhlə və kəndlilərin bolşeviklərin tərəfinə keçəcəyini düşünürdü. Bununla belə, o, Almaniya və Türkiyənin bölgədəki planlarına qarşı çıxa biləcəklərini də təxmin edirdi. Bir sözlə, o, Qafqazı sovet Rusiyası üçün hazırlayırdı. Tiflisdən Bakıya gəldikdən sonra inqilabi bir komitə yaratdı. Bu komitənin rəhbərliyini Korqanov və Mikoyana tapşırır. Onların hələ 23 yaşları var idi və Bakıda siyasət səhnəsinə yeni çıxırdılar. O, qırmızı qvardiyadan, fəhlələrdən və müxtəlif millətlərin əsgərlərindən ibarət beynəlxalq bir alay təşkil etdi. Mart ayında bolşeviklərin artıq altı min nəfərlik ordusu var idi.
Daşnaklar türklərdən qorxduqları üçün bolşeviklərə yaxınlaşırlar. İnqilabçı sosialistlər və menşeviklər bolşeviklərə etibar etməsələr də, Bakının Rusiyanın nəzarətində qalmasını istəyirdilər. Müsavatçılar isə şəhəri qurulması planlaşdırılan "Azərbaycan muxtariyyəti"nin paytaxtına çevirməyi planlaşdırırdılar. Bolşeviklərin muxtariyyətin əleyhinə olması Cənubi Qafqazı Sovet Rusiyasının tərkibində saxlamağa cəhd etməsi, həmçinin Daşnak partiyasının erməni mənafeləri üçün, həmçinin Cənubi Qafqazın Rusiyadan ayrılmasının əleyhinə olması hər iki düşmən partiyanı – bolşevik və daşnakları yaxınlaşdırır. Son olaraq mart qırğınları baş verir.
Ədəbiyyat
Serj Afanasiyan “Ermənistan, Azərbaycan, Gürcüstan: İstiqlaldan Sovet rejiminin qurulduğu dönəmə qədər”, 2012.
Firuz Kazemzadeh “The Struggle for Transcaucasia” (Princeton University Press, 1951)
Ronald Grigor Suny “The Baku Commune, 1917-1918” (Cambridge University Press, 1972)
Əli Novruzov (tarixçi)