Azərbaycan balet sənətinin canlı əfsanələrindən biri, görkəmli baletmeyster, Xalq artisti və Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov bu gün 97 yaşında dünyasını dəyişib.

Postxronika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

​30 may 1929-cu ildə Gəncədə anadan olan Maqsud Davud oğlu Məmmədov, peşəkar təhsil almış ilk azərbaycanlı balet artistlərindən biri olub. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayan sənətkar, yaradıcılıq fəaliyyəti boyu həm səhnədə parlaq obrazlar yaradıb, həm də baletmeyster kimi dəyərli əsərlərə imza atıb.

​Sənətkar klassik balet nümunələrində – “Qu gölü”, “Jizel”, “Don Kixot”, “Qız qalası”, “Məhəbbət əfsanəsi” kimi əsərlərdə yaratdığı unudulmaz obrazlarla baletsevərlərin dərin rəğbətini qazanıb. Onun həyat yoldaşı, mərhum Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi “Xəzər balladası”, “Qobustan kölgələri”, “Babək” və digər baletlər milli xoreoqrafiya tariximizə qızıl hərflərlə yazılıb.

Qeyd edək ki, ​Maqsud Məmmədovun milli mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.