"Sabah" basketbol klubunun və Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Emmanuel Agbason FIBA Gənclər Çempionlar Liqasında göstərdiyi yüksək performansla rəmzi "5"likdə yer alıb.

Postxronika.az xəbər verir ki, basketbolçumuz bir sıra statistik göstəricilərə görə turnirin lideri olub.

​Turnir boyu göstərdiyi yüksək effektivliklə diqqət çəkən Agbasonun orta statistik göstəriciləri belədir: effektivlik 35.0, xal 24.5, ribaund 16.5 və blok-şot 4.5.

​İdmançımız turnir çərçivəsində unudulmaz oyunlara imza atıb. O, Türkiyənin "Tofaş Bursa" komandası ilə görüşdə "double-double" (26 xal, 23 ribaund) edərək "Sabah"ın 86:60 hesablı qələbəsində həlledici rol oynayıb. Almaniyanın "Porşe BBA Lyudviqsburq" klubu ilə matçda isə Agbason 28 xal, 20 ribaund və 8 blok-şotla turnirin rekord göstəricisini qeydə alıb.

​Xatırladaq ki, Azərbaycan basketbolu tarixində ilk dəfə bu nüfuzlu yarışda iştirak edən "Sabah" BK, 12 komanda arasında 7-ci pillədə qərarlaşıb.