Hazırda paytaxt Bakıda, eləcə də respublikanın bir sıra bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün ciddi çətinliklər yaradır.

Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol örtüyünün sürüşkənliyinin artması və görmə məsafəsinin məhdudlaşması səbəbindən sürücüləri daha diqqətli olmağa çağırıb.

​İdarənin müraciətində sürücülərdən hava şəraitini düzgün qiymətləndirmələri, sürət həddinə ciddi riayət etmələri və ara məsafəsini normadan artıq saxlamaları tələb olunur. Eyni zamanda, avtomobillərin texniki sazlığının daim nəzarətdə saxlanılması və qəfil manevrlərdən çəkinilməsi qəza risklərini minimuma endirmək üçün vacib amillər kimi vurğulanıb.

​Yol polisi əlverişsiz hava şəraitində hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunması üçün diqqətli, intizamlı və səbirli davranmağın həlledici rol oynadığını xatırladıb.