Gəncə Psixiatriya Xəstəxanasında xəstə ölümü baş verib. Ölüm hadisəsi ilə bağlı mərhumun yaxınları tərəfindən ciddi ittihamlar səsləndirilib. İddialara görə, psixi xəstə kimi həmin müəssisədə müalicə alan bir şəxs qeyri-insani rəftar və zorakılığa məruz qalaraq həyatını itirib. Hadisənin rəsmi versiyası ilə mərhumun yaxınlarının açıqlamaları arasında ciddi ziddiyyətlərin olduğu bildirilir. Ailə üzvləri ölümün təbii və ya başqa xəstə tərəfindən törədildiyi barədə yayılan məlumatları təkzib edərək, məsuliyyətin birbaşa xəstəxana əməkdaşlarının üzərinə düşdüyünü iddia edir.
Postxronika.az "NOCOMMENT.az"a istinadən xəbər verir ki, bu barədə mərhumun bacısı Əliyeva Təhminə Qüdrət qızı bildirib. O qeyd edib ki, qardaşı İsmayılov Miri Qüdrət oğlu Gəncə Psixiatriya Xəstəxanasında həkimlər, baş həkim, işçilər və mühafizəçilər tərəfindən işgəncələrə məruz qalaraq öldürülüb: “Onlar hadisəni isə başqa bir xəstənin üzərinə atmağa çalışırlar. Həmin şəxs psixi xəstədir və əvvəllər məhkum olub. Qardaşım yatdığı halda onu həmin şəxslə eyni palataya yerləşdiriblər və sonradan guya boğularaq öldürüldüyünü bildirirlər.”
Şikayətçinin sözlərinə görə, hadisə təqdim edildiyi kimi deyil və qardaşının ölümündə xəstəxana əməkdaşlarının məsuliyyətsizliyi və zorakılığı əsas rol oynayıb: “Qardaşımın bədənində ciddi xəsarətlər var idi. Dırnaqları çıxarılmışdı, alnında çapıq vardı. Halbuki, 5-6 gün əvvəl mən onu görəndə bədənində heç bir yara və ya iz yox idi. Mən 5 ay ərzində ona özüm baxmışam və yaxşı bilirəm ki, o, heç vaxt kiməsə zərər verəcək insan olmayıb. Sadəcə xəstə idi, psixoloji problemləri var idi, yatmaqda çətinlik çəkirdi. Amma heç kimi incitmirdi.”
O, həmçinin xəstəxana işçilərinin əvvəllər də qardaşı ilə bağlı əsassız şikayətlər etdiyini bildirib: “İşçilər tez-tez deyirdilər ki, qardaşın bizi narahat edir. Amma bu, həqiqəti əks etdirmirdi. Mən onun davranışlarını bilirdim. Onun kiməsə hücum etməsi və ya zərər verməsi mümkün deyildi. O, sadə düşüncəli, zərərsiz bir insan idi.”
Şikayətçi iddia edir ki, bu hadisə təkcə bir nəfərlə bağlı deyil və müəssisədə sistematik problemlər mövcuddur:
“Bu, açıq-aşkar məsuliyyətsizlik və zorakılıq nəticəsində baş verən hadisədir. Mən düşünürəm ki, qardaşımı məhz onlar öldürüblər. Baş həkim, həkimlər, mühafizəçilər və tibb personalı bu hadisəyə görə cavab verməlidir. Xüsusilə Rafik adlı həkim bu işdə günahkardır. Orada bir çox xəstəyə işgəncə verildiyi, bəzilərinin öldürüldüyü, bəzilərinin dırnaqlarının çıxarıldığı deyilir. Bu əməlləri isə özləri törədib, sonra digər xəstələrin üzərinə atırlar.”
Mərhumun bacısı onu da vurğulayıb ki, hadisənin obyektiv araşdırılması üçün dəfələrlə xəstəxanadakı müşahidə kameralarının görüntülərinin təqdim olunmasını tələb etsələr də, bu istəkləri cavabsız qalıb: “Dəfələrlə xəstəxanadan kameraların açılmasını tələb etsək də, onlar bundan imtina ediblər və məsələni bilərəkdən gizlədirlər".
Səslənən iddialarla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib. Nazirlikdən cavab olaraq bildirilib ki, qeyd etdilən faktla əlaqədar artıq araşdırmalar aparılır: “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, “İstintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır. Bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər.” “İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, cinayət işləri üzrə aparılan istintaqla bağlı məlumatlar açıqlanmayan (məhdudlaşdırılmış) informasiyalara aiddir. Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticələri və digər məlumatlar istintaq orqanına təqdim edilir.
İstintaq prosesi davam etdiyi müddətdə məlumatların ictimaiyyətə açıqlanması yalnız istintaq orqanının səlahiyyətinə aiddir. Bu səbəbdən sorğunu müvafiq istintaq orqanına yönləndirməyiniz tövsiyə olunur.”