Azərbaycandan Ermənistana növbəti genişmiqyaslı yük daşınması baş tutub. Ümumi çəkisi 1298 ton olan 22 vaqon dizel yanacağı və 240 ton Rusiya mənşəli gübrə yüklənmiş 4 vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Postxronika.az xəbər verir ki, qatar Biləcəri-Böyük Kəsik marşrutu üzrə hərəkət edərək, Gürcüstan ərazisindən tranzit keçməklə təyinat nöqtəsinə çatdırılacaq. Bu, regionda nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi çərçivəsində reallaşan ardıcıl addımlardan biridir.
İndiyədək Azərbaycan vasitəsilə Ermənistana minlərlə ton dizel, benzin və müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edilib. Prosesin beynəlxalq daşıma qaydalarına uyğun olaraq gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.