Qaradağ rayonundakı stasionar postda polisin “saxla” əmrinə tabe olmayaraq qaçmağa çalışan “VAZ” markalı avtomobilin sürücüsü YPX əməkdaşları tərəfindən saxlanılıb.
Postxronika.az xəbər verir ki, araşdırma zamanı paytaxt sakini Coşqun Novruzovun nəqliyyat vasitəsini həm sərxoş vəziyyətdə, həm də müvafiq hüququ olmadan idarə etdiyi aşkarlanıb. Tibbi müayinədən boyun qaçırmaq üçün süni gərginlik yaradan şəxsin məsuliyyətdən yayınmaq cəhdi uğursuzluqla nəticələnib. Qaydaları kobud şəkildə pozan sürücü barəsində lazımi sənədləşdirmə aparılaraq, o, ərazi üzrə polis orqanına təhvil verilib. Faktla bağlı C.Novruzov inzibati məsuliyyətə cəlb olunub. Baş Dövlət Yol Polisi İdarəsi bu növ qanunsuzluqlara qarşı kəsərli tədbirlərin davam etdiriləcəyi ilə bağlı xəbərdarlıq edib.