Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il martın 9-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrini elan edib.
Postxronika.az xəbər verir ki, imtahan iştirakçıları öz nəticələri ilə DİM-in rəsmi saytı və ya müvafiq mobil operatorlar vasitəsilə tanış ola bilərlər.
İmtahanda yüksək nəticə göstərən şagirdlər arasında iki nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplayaraq maksimal nəticəyə imza atıblar. İngilis dilində tədris alan məktəblərin məzunları üçün isə ən yüksək nəticəni 200 bal ilə ADA məktəbinin şagirdi Fərəcov Mikayıl Elşən oğlu göstərib.
İmtahanla bağlı statistik göstəricilər aşağıdakı kimidir:
İştirakı nəzərdə tutulan: 58 139 nəfər
İmtahana gəlməyənlər: 393 nəfər
İmtahan qaydalarını pozduğu üçün xaric olunanlar: 12 nəfər
Qeyd edək ki, imtahan nəticələri ilə razılaşmayan şagirdlər üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Müraciətlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00-dək DİM-in saytı üzərindən elektron ərizə doldurulmaqla qəbul ediləcək. Mütəxəssislər şagirdlərə müraciət etməzdən əvvəl cavab vərəqləri və qiymətləndirmə meyarları ilə ətraflı tanış olmağı tövsiyə edir.