"Universal" və "Blumhouse" studiyalarının birgə istehsalı olan yeni "The Mummy" filmi premyera həftəsində gözləntiləri doğrultmayıb. Rejissor Li Kroninin lentə aldığı ekran əsəri son dövrlərdəki digər qorxu layihələri kimi azarkeşlərin diqqətini kifayət qədər cəlb edə bilməyib. 


Postxronika.az xəbər verir ki, 22 milyon dollar büdcəsi olan filmin Şimali Amerikada ilk həftəsonu cəmi 13 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu rəqəm məşhur franşiza tarixinin ən aşağı göstəricisi hesab olunur. Studiyalar Tom Kruzun iştirakı ilə çəkilən irimiqyaslı layihənin fiaskosundan sonra daha az xərcli müstəqil işlərə üstünlük verməyə başlamışdılar. Lakin "Renfield", "The Last Voyage of the Demeter" və son olaraq "Wolf Man" kimi cəhdlər də kassa yığımında zərərlə nəticələnib. 


Ekran işi tənqidçilər tərəfindən də birmənalı qarşılanmayaraq "Rotten Tomatoes" platformasında cəmi 45 faiz səs toplayıb. Müqayisə üçün qeyd edək ki, Brendan Freyzerin baş rolda oynadığı əvvəlki üç klassik "Mumiya" filmi açılış həftəsində indikindən ən azı üç dəfə çox qazanc əldə etmişdi. Mövcud vəziyyəti nəzərə alan "Universal" şirkəti artıq Freyzer və Reyçel Vaysın iştirakı ilə orijinal seriyanın növbəti hissəsini çəkməyə qərar verib. Kino mütəxəssisləri köhnə ulduzların qayıdışının studiya üçün daha etibarlı və gəlirli addım olacağını düşünürlər.