Hollivud ulduzu Şarliz Teron həmkarı Timoti Şalameyin balet və opera haqqında işlətdiyi fikirlərə kəskin etirazını bildirib. Aktrisa "The New York Times" qəzetinə verdiyi müsahibədə gənc aktyorun bu sahələri "lazımsız" adlandırmasını məsuliyyətsizlik kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür klassik sənət növlərini tənqid etmək əvəzinə, onları daima dəstəkləmək lazımdır.


Postxronika.az xəbər verir ki, Teron rəqs sənətinin fiziki və mənəvi baxımdan nə dərəcədə ağır olduğunu öz təcrübəsinə əsaslanaraq vurğulayıb. Sənətçi rəqqasları "superqəhrəman" adlandıraraq, onların səhnədə çəkdiyi əziyyətin əvəzsiz olduğunu qeyd edib. O, həmçinin iddialı bir proqnoz verərək, on il sonra süni intellektin Şalameyin işini görə biləcəyini, lakin canlı səhnə performansını heç vaxt əvəz edə bilməyəcəyini deyib. Şarliz digər yaradıcılıq sahələrinə qarşı hörmətsiz yanaşmanın qəbulolunmazlığını da diqqətə çatdırıb.


Xatırladaq ki, Timoti Şalamey fevral ayında verdiyi açıqlamada artıq heç kimin balet və operaya maraq göstərmədiyini iddia etmişdi. Onun bu zarafat dolu sözləri həm sənət camiəsində, həm də pərəstişkarları arasında böyük narazılığa səbəb olmuşdu. Hətta ötən ay baş tutan "Oscar" mükafatlandırma mərasimində də bu mövzu yumor hədəfinə çevrilmişdi. Hazırda gənc ulduzun nümayəndələri Teronun bu sərt çıxışına hələlik rəsmi münasibət bildirməyiblər.