Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cari il üçün təsdiqlədiyi hazırlıq planına uyğun olaraq, Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrindən birində ehtiyatda olan hərbçilərin iştirakı ilə növbəti məşqlərə start verilib.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil edilən tədbirin ilkin mərhələsində şəxsi heyətin qeydiyyatı aparılıb, onlar tibbi müayinədən keçərək zəruri təminat vasitələri ilə təchiz olunublar.
Aprelin 28-dək davam edəcək toplanış müddətində iştirakçılara müasir silah və texnikadan istifadə qaydaları, həmçinin aktual döyüş metodları aşılanacaq. Şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək məqsədilə real şəraitə uyğunlaşdırılmış taktiki hazırlıq məşğələləri icra ediləcək. Bu təlimlər hərbi vəzifəlilərin nəzəri biliklərinin artırılması və ordunun ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.