İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək 51-ci İllik Toplantılarına hazırlıq məqsədilə məlumat sessiyası təşkil olunub. 

Postxronika.az xəbər verir ki, diplomatik nümayəndəliklərin iştirak etdiyi tədbirdə 16-19 iyun tarixlərində baş tutacaq forumun strukturu, qeydiyyat qaydaları və proqramı barədə ətraflı məlumat verilib.

"Davamlı rifah üçün regional inteqrasiya" mövzusuna həsr olunan builki toplantılar Azərbaycanın strateji əməkdaşlıq platformalarındakı rolunu bir daha vurğulayacaq. Ölkəmizin 2010-cu ildən sonra ikinci dəfə ev sahibliyi etdiyi bu nüfuzlu tədbir çərçivəsində özəl sektor və gənclər forumlarının, həmçinin Müdirlər Şurasının iclaslarının keçirilməsi planlaşdırılır. Sessiya zamanı üzv dövlətlər arasında yeni tərəfdaşlıq imkanlarının genişləndirilməsi və perspektiv layihələr ətrafında müzakirələr aparılıb. Bu qlobal platforma regional bağlantıların gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.