Paytaxtın Yasamal rayonu, 286 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında baş vermiş mübahisə faciə ilə nəticələnib. 

Postxronika.az xəbər verir ki, doqquzuncu sinif şagirdi həmyaşıdının üzərinə spirt tökərək alışqanla ona xəsarət yetirib.Hadisə yerinə dərhal cəlb olunan təcili tibbi yardım briqadası yaralını Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə çatdırıb. Həkimlər 15 yaşlı oğlanın bədəninin müxtəlif nahiyələrində II və III dərəcəli termiki yanıqlar aşkar ediblər. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.

Cinayət törətməkdə şübhəli bilinən məktəbli polis tərəfindən saxlanılıb və faktla bağlı genişmiqyaslı araşdırmalara başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni nəzarətə götürərək, təhsil müəssisəsində psixoloji dəstək tədbirlərinin həyata keçirildiyini bəyan edib.