YENİLƏNDİ - 14:49: Sərnişinlərin nəzərinə:
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hazırda yaranmış vəziyyətlə əlaqədar stansiyalarda təhlükəsizlik tədbirləri həyata keçirilir.

Postxronika.az xəbər verir ki, ilkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində texniki nasazlıq yaranıb. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarından sərnişinlərin təxliyəsi həyata keçirilir.

Yenilənmiş məlumata görə, baş vermiş texniki problem zamanı metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması və gərginliyin tam bərpası istiqamətində operativ tədbirlər davam etdirilir. Mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


YENİLƏNDİ - 13:24: Bakı metrosunda yaranmış texniki nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir. Hazırda əsas problem təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıqla bağlıdır və məhdudiyyətin aradan qaldırılması üçün işlər intensivləşdirilib.
Postxronika.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun yaydığı məlumata istinadən, "Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası artıq təhlükəsiz şəkildə həyata keçirilib.
Açıqlamada qeyd olunur ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyətinin tam bərpa edilməsi nəzərdə tutulur.
Rəsmi məlumatda həmçinin yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənilib və göstərilən anlayış üçün təşəkkür edilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.