Azərbaycanın Avropa bazarına çıxardığı enerji resursları arasında Bolqarıstanın payı gözlənilmədən artmağa başlayıb. İlin ilk üç ayının nəticələri göstərir ki, Bakıdan Sofiyaya göndərilən neftin həcmi rəsmi statistikada kəskin artımla yadda qalıb. Bu iqtisadi canlanma təkcə qazanc demək deyil, həm də Azərbaycanın regiondakı strateji çəkisinin artmasıdır.
Bəs bu artım ölkəmiz üçün hansı imkanları açır və gələcəkdə bizi nələr gözləyir?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Postxronika.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Bolqarıstana neft ixracının artması ölkənin Avropa enerji bazarındakı mövqeyini müəyyən qədər gücləndirir.
67,9 milyon dollarlıq rüblük göstərici illik miqyasda 270 milyon dollara yaxın potensial deməkdir ki, bu da dövlət gəlirlərinə müsbət töhfə verir.
Strateji baxımdan bu artım Azərbaycanın Rusiya enerjisindən uzaqlaşmaq istəyən Avropa ölkələri üçün etibarlı alternativ təchizatçı obrazını möhkəmləndirir. TAP vasitəsilə həyata keçirilən qaz ixracı ilə birlikdə bu tendensiya Azərbaycanın Cənub Qaz Dəhlizi çərçivəsindəki əhəmiyyətini daha da artırır. SOCAR-ın Bolqarıstanda mövcud infrastrukturu isə ticarəti daha da dərinləşdirmək üçün əlverişli şərait yaradır.
Bununla belə, bəzi məhdudiyyətlər də nəzərə alınmalıdır. Avropa getdikcə yaşıl enerji keçidinə üstünlük verir, bu isə uzunmüddətli perspektivdə neftə olan tələbi azalda bilər. Bundan əlavə, qiymət dalğalanmaları gəlir sabitliyini əngəlləyə bilər. Azərbaycanın Avropaya əsas strateji dəyəri hələ də neftdən çox qaz ixracında cəmlənib, ona görə də neft sektorunun rolu tamamlayıcı xarakter daşıyır. 

Nurgül Yusifova