Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, aprelin 24-25-də Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının növbəti oyunları baş tutacaq.
Postxronika.az xəbər verir ki, turun ən diqqətçəkən görüşü aprelin 24-də hər dörd oyunda qələbə qazanmış “Polad” və “Sərhədçi” kollektivləri arasında reallaşacaq.
Liderlərin xal itirməsi turnir cədvəlində izləyici mövqedə olan “Elite” komandasının mövqelərini möhkəmləndirməsinə şərait yarada bilər. Lakin “Elite”nin rəqibi olan və 4-cü sırada qərarlaşan “Embawood” klubu da üst pillələrə qalxmaq üçün ciddi mübarizə aparacaq. Digər tərəfdən, hələ də qol sevinci yaşamayan “Atilla”nın “Buta Qolden”lə matçda bu tilsimi qıracağı gözlənilir. Cümə günü “Xəzər”-“Şamaxı” qarşılaşması ilə başlayacaq tur, şənbə günü “Zəfər” və “Omar” komandalarının rəqabəti ilə yekunlaşacaq.