Postxronik.az fərdi psixologiya ilə bağlı "Təhsil fakültəsi dərgisi"ndə yayımlanan məqalənin tərcüməsini təqdim edir.


                                                                         Birinci hissə


Bu məqalədə “Fərdi psixologiya” məktəbinin banisi Alfred Adlerin insan təbiəti haqqında müşahidələri, nəzəriyyəsinin təməl anlayışları, psixoloji məsləhət prinsipləri və metodları araşdırılır. Həmçinin nəzəriyyəyə yönələn tənqidi yanaşmalar təhlil edilir.


Tarixçə

Alfred Adler 1870-ci ildə Vyanada anadan olub. 1895-ci ildə Vyana Universitetində tibb doktoru dərəcəsi alıb. Psixiatriya sahəsindən əvvəl bir müddət praktik həkim kimi fəaliyyət göstərib. Psixoanalizlə yaxından maraqlanıb və Ziqmund Freydlə doqquz il birgə çalışıb. Lakin baxışlarındakı fərqliliklər səbəbindən yolunu ayıraraq “Fərdi Psixologiya” dərnəyini qurub. Birinci Dünya müharibəsi illərində Avstriya ordusunda həkim kimi xidmət edib.

1920-ci illərdə Vyanada pedaqoji konsultasiya mərkəzlərinin açılmasında rəhbər olub. Adler hesab edirdi ki, psixoloqlar uşaqların ruhi inkişafı üçün müəllimlərlə sıx əməkdaşlıq etməlidir. O həmçinin cinayət törətmiş yeniyetmələrlə bağlı araşdırmalar aparıb və “peşəyə yönləndirmə büroları”nın yaradılmasında mühüm rol oynayıb.

Adlerin fərdi psixologiyası humanist və pedaqoji xarakter daşıyır. bu səbəbdən onun ideyaları valideynlər, müəllimlər, həkimlər və siyasətçilər üçün əhəmiyyətlidir. 1907-ci ildə nəşr olunan "Orqan çatışmazlığı və onun psixoloji kompensasiyası" əsərində fiziki qüsuru olan fərdlərin daxili dünyalarındakı kədəri təhlil edib. Adler qeyd edirdi ki, fərdin əsas məqsədi mənfi duyğuları müsbətə çevirməkdir. O, natamamlıq duyğusunu psixi inkişafın “qamçısı” adlandırırdı.

Adlerə görə, insan öz zəifliklərindən xilas olmaq üçün başqaları ilə birləşmək və əməkdaşlıq etmək məcburiyyətindədir. O, sosiallığı anadangəlmə bir xüsusiyyət hesab edərək nəzəriyyəsini bioloji əsaslarla qurub. Müasir psixologiyaya təsiri o qədər böyükdür ki, psixiatr Cozef Uaylderin dediyi kimi: "Məsələ insanın Adlerian olub-olmaması deyil, nə dərəcədə Adlerian olmasıdır".

Alfred Adler 1937-ci ildə Şotlandiyada vəfat edib.


İnsan təbiəti haqqında fikirləri

Adlerə görə, insan sadəcə öz mənfəətini güdmür, həm də cəmiyyətə fayda verməyə çalışır. O, şəxsiyyətin humanist nəzəriyyəsini inkişaf etdirərək bura yardımsevərlik, əməkdaşlıq, yaradıcılıq və azadlıq kimi anlayışları daxil edib.

Adler insanı öz taleyinin qurbanı deyil, onun yaradıcısı hesab edir. İnsanlar seçim etmək, ətraf mühiti formalaşdırmaq və  uğur qazanmaq qabiliyyətinə malik, adaptiv varlıqlardır. Hər bir fərd öz motivasiyası, şəxsiyyət xüsusiyyətləri və dəyərləri ilə unikaldır. Adler yanaşmasında insanın davranışları məqsədyönlüdür və bu məqsədlər psixi həyatın əsas təyinedicisidir.

İnsan ruhu dinamik bir bütövdür. O, mükəmməlliyə can atmasına baxmayaraq, (xüsusilə həyatın ilk illərində başqalarından asılı olduğu üçün) dərin bir yetərsizlik hissi keçirir.


Fərdi psixologiyanın əsas fərziyyələri

1) İnsan şəxsiyyəti bütövdür və daxili ardıcıllığa malikdir

2) Fərdin özü və ətrafı haqqındakı subyektiv qavrayışı onun davranışlarını müəyyən edir

3) Fərd problemini həll edərək uğur qazanmağa meyllidir

4) Kifayət qədər ictimai maraq olarsa, hər bir problem həll oluna bilər


Təməl anlayışlar

Yaradıcı güc: Fərdin öz həyatını və qavrayışlarını formalaşdırmaq üçün doğuşdan gələn potensialı

Sosial maraq: Fərdin özünü cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etməsi və empatiya qurması

Natamamlıq duyğusu: İnkişafı stimullaşdıran və həyat boyu insanı müşayiət edən hiss

Natamamlıq kompleksi: Fərdin özünü digərlərindən qəti şəkildə aşağı görməsi və buna inanması

Kişilik etirazı: Xüsusi konpensasiya formasıdır. Qadınlığını və cinsi rolunu alçaldan fərd kişi olmaq arzusu duyur.

Kişi özünü digər kişilərlə müqayisə etdikdə yetərsiz hesab edərsə, qəhrəman olmaq istəyə bilər. Kişilik etirazı cinsi deyil, sosial mənşəlidir

Üstünlük səyi: Mənfi vəziyyətdən müsbətə, əskiklikdən mükəmməlliyə doğru daimi canatma

Yaradıcı mənlik: Fərdə mənalı bir həyat tərzi təmin edən daxili sistem

Orqan çatışmazlığı: Fiziki çatışmazlıqların şəxsiyyətin formalaşmasına təsiri və buna qarşı inkişaf etdirilən reaksiyalar

Orqanların dili: Psixoloji gərginliyin və ya stresin fiziki simptomlar (zəif orqanlar) vasitəsilə ifadə olunması

Empatiya: Məsləhətçinin hadisələrə pasiyentin gözü ilə baxa bilmək bacarığı

Kompensasiya: Fərdin hər hansı çatışmazlığını ört-basdır etmək və ya balanslaşdırmaq üçün göstərdiyi gərgin səy

Təxəyyül məqsədi: İnsanın davranışlarını yönləndirən, gələcəyə dair subyektiv ideal və məqsədləri


Ağa Rza