Tailandın paytaxtında BMT-nin ESCAP sessiyası çərçivəsində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın (SPECA) iştirakçı dövlətlərinin toplantısı baş tutub. 

Postxronika.az xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev regional əməkdaşlığın, xüsusilə Orta Dəhlizin inkişafı və rəqəmsallaşmanın vacibliyini önə çəkib. Görüşdə multimodal nəqliyyat marşrutlarının gücləndirilməsi, rəqəmsal logistika platformalarının yaradılması və ticarət prosedurlarının asanlaşdırılması məsələləri müzakirə predmeti olub.

Azərbaycan tərəfi Bakıda SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və "İqlim Ağıllı Şəhərlər Forumu"nun təşkili kimi strateji təşəbbüsləri diqqətə çatdırıb. Həmçinin birgə layihələrin maliyyələşdirilməsi üçün Çoxtərəfli Etimad Fondunun fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Müzakirələrin yekunu olaraq üzv dövlətlər tərəfindən inklüziv iqtisadi tərəqqini hədəfləyən Birgə Bəyanat qəbul edilib.