Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən aprelin 24-də ölkə ərazisində qanunçuluğun təmin edilməsi məqsədilə genişmiqyaslı əməliyyat və profilaktik tədbirlər icra olunub.
Postxronika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən axtarışlar nəticəsində yaşadığı ünvanı xəbərsiz tərk edərək itkin düşmüş kimi qeydiyyata alınan 13 nəfər tapılaraq ailələrinə təhvil verilib. Eyni zamanda, paytaxt və bölgələrdə dələduzluq əməllərinə görə axtarışda olan 18 şəxs saxlanılaraq istintaq orqanlarına təqdim edilib.
Polis əməkdaşlarının qanunsuz dövriyyədə olan silah-sursatın yığılması istiqamətində keçirdiyi tədbirlər zamanı 3 tapança, 5 tüfəng və xeyli sayda hərbi sursat götürülərək təhlükəsizləşdirilməsi təmin olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində isə sutka ərzində ümumi çəkisi 18,2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə dövriyyədən çıxarılıb. Nazirlikdən bildirilib ki, vətəndaşların təhlükəsizliyinin qorunması və cinayətkarlığın qarşısının alınması yönündə qətiyyətli tədbirlər fasiləsiz davam etdirilir.