NATO hava məkanına yaxınlaşan Rusiya pilotsuz uçuş aparatlarına cavab olaraq Rumıniyadakı aviabazadan Böyük Britaniyanın iki "Typhoon" qırıcısı havaya qaldırılıb. Müdafiə mənbələrinin məlumatına görə, müttəfiq təyyarələri Ukrayna sərhədini keçməyib və heç bir hədəfə atəş açmayıb.
Postxronika.az xəbər verir ki, qırıcıların Ukrayna səmasında Rusiya dronlarını vurması barədə yayılan iddialar rəsmən təkzib edilib. Rumıniya rəsmiləri bildiriblər ki, pilotlar yalnız müşahidə missiyası həyata keçirib və yalnız hava məkanı pozulacağı təqdirdə zərbə endirmək səlahiyyətinə malik olublar. Yerüstü radarlar vasitəsilə Ukraynanın Reni şəhəri yaxınlığında izlənən hədəflərlə əlaqə kəsildikdən sonra ərazidə partlayışlar qeydə alınıb. Eyni zamanda, Rumıniyanın Qalasi şəhərinin kənarına da naməlum obyektin düşməsi ehtimalı araşdırılır.