Son zamanlar Mustafa Kamal Paşanın 1920-ci ilin aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulduğu hadisə ərəfəsindəki mövqeyi və bu hadisədəki rolu ilə bağlı sənədləri, Kamal Paşanın öz yazışmalarını araşdırıram. Kamal Paşanın Azərbaycanla bağlı mövqeyini araşdırarkən ortaya çıxan mənzərə düşündüyümüzdən daha mürəkkəbdir. Adətən bu məsələ ya çox sadələşdirilir, ya da ideoloji qəliblərə salınır. Halbuki sənədlər göstərir ki, Kamal Paşanın Azərbaycanla bağlı siyasəti praqmatik maraqlar çərçivəsində qurulmuşdu.
 
Məlumdur ki, Ankara hərəkatı Mustafa Kamal Paşanın rəhbərliyi ilə ilk mərhələdə Azərbaycan Cümhuriyyəti ilə əlaqələr qurmağa çalışmışdı. Məqsəd Anadolu hərəkatı üçün maddi və siyasi dəstək əldə etmək idi. Lakin bu cəhdlər nəticəsiz qaldı. Bunun səbəbi təkcə imkan məsələsi deyildi. O dövrdə Müsavat hökuməti faktiki olaraq İngiltərənin ciddi təsiri altındaydı. Regionda mövcud olan ingilis hərbi-siyasi varlığı, hökumət daxilindəki tərəddüdlər və İstanbul ilə əlaqələrin tam qırılmaması Ankaranın gözündə Azərbaycanı etibarlı tərəfdaşdan çox, riskli oyunçuya çevirirdi. Hətta Mustafa Kamal Paşa Kazım Qarabəkir Paşa 27 mart 1920-ci ildə göndərdiyi teleqramında Gürcüstan, Ermənistan və Azərbaycanın İngiltərənin təsiri altında bir blok yaratdığı, Antantanın isə bu sistemi Sovet Rusiyasına qarşı "Qafqaz səddi" kimi istifadə etməyə çalışdığı qeyd olunur.
 
Məhz bu nöqtədən sonra Mustafa Kamal Paşa Azərbaycan kommunistləri və bolşeviklərlə qeyri-rəsmi əlaqələrə başlayır. Kamal Paşaya görə Cənubi Qafqazda İngiltərə himayəsi və təsiri altında Gürcüstan, Ermənistan və Azərbaycan cümhuriyyətləri mövcud olduqca Milli Müqavimət Hərəkatı ilə Sovet Rusiyasının əlaqəsini təmin etmək mümkün olmayacaq. Bəhs edilən dövrdə Mustafa Kamal Paşa Leninin rəhbərlik etdiyi kommunist hərəkatına loyal və praqmatik münasibət sərgiləyir və İngiltərə imperializminə qarşı mübarizə
də Şərq, həmçinin müsəlman xalqlarının azadlığını kommunistlərlə ittifaqda görürdü.
 
Müsavat hökumətindən yardım alınmasının qeyri-mümkümlüyünü dərk edən Mustafa Kamal, 11 aprel 1920-ci il günü Qarabəkirə bolşeviklərlə bir an əvvəl faktiki olaraq əlaqəyə keçilməsinin vacibliyini bildirir. Qarabəkirin 13 aprel günü verdiyi cavab "Mustafa Kamal Paşanın Leninə Məktubu" kimi bilinən Ankara hökumətinin Sovet hökumətinə təqdim etdiyi 26 aprel 1920-ci il tarixli təklifnamənin bir qaralaması xarakterində idi. Həmin məktubda qeyd olunurdu ki, "Azərbaycanı canlandırmaq və hərəkətə gətirmək, kommunist idarəsini qəbul edəcək bir mərhələyə çatdırmaq üçün dərhal bizim hərəkətə keçib Ermənistanı əzməyimizə ehtiyac olduğu göstərilir.  "Qırmızılar"ın bu hərəkəti etməsinə qarşılıq, biz də Ermənistanı əzməklə bərabər, Azərbaycanı ayağa qaldırmağı və kommunist hakimiyyətinin qurulmasını öhdəmizə götürərik."
 
Lakin 18 aprel 1920-ci il tarixli Qarabəkir Paşaya cavab məktubunda Kamal Paşa Azərbaycanın istiqlalının qorunmasını və milli varlığının davamını həyati məsələ kimi təqdim edir. Bolşevik təsirinin zəiflədilməsi və milli qüvvələrin ayaqda saxlanması xüsusi vurğulanır:
 
Ankara, 18/4/1336 (18 aprel 1920-ci il)
15-ci Kolordu Komandanı Kazım Karabekir Paşa Həzrətlərinə,
 
Azərbaycan məsələsi milli hərəkatımız üçün ən mühüm mövzulardan biridir. Bu ölkənin istiqlalının qorunması və milli varlığının davam etdirilməsi, Qafqazda türklüyün mövqeyini gücləndirmək baxımından həyati əhəmiyyət kəsb edir.
 
Bolşeviklərin Qafqaz üzərində tam hakimiyyət qurmaq niyyətləri məlumdur. Lakin bizim məqsədimiz Azərbaycanı bu təsir dairəsində əritmək deyil, əksinə, milli ruhunu möhkəmləndirmək və xalqını kommunistlərin təsirindən uzaq saxlamaqdır.
 
Naxçıvan bölgəsinin əhəmiyyəti burada ayrıca ön plana çıxmaqdadır. Çünki Naxçıvan həm Azərbaycanla əlaqələrimizin körpüsü, həm də Şərq Cəbhəsinin müdafiə qalasıdır. Bu bölgənin erməni hücumlarından qorunması üçün hərbi tədbirlərin sürətlə görülməsi, əhalinin silahlandırılması və yerli türk əyanlarının idarədə tutulması vacibdir.
Bundan əlavə, Azərbaycanın daxilində bolşeviklərin təsirini zəiflətmək, milli qüvvələri ayaqda saxlamaq üçün təbliğat və təşkilatlanma işləri aparılmalıdır.
 
Heyət-i Temsiliyyə naminə
Mustafa Kamal
 
İlk baxışda bu, Kamal Paşanın sovetləşməyə qarşı olduğu təsəvvürünü yaradır.
 
Amma cəmi bir gün sonra - 19 aprel tarixli məktubda eyni xətt dəyişir. Burada Qızıl Ordu ilə paralel hərəkət planlaşdırılır, Ermənistan üzərinə hücumdan danışılır və nəticədə Azərbaycanın istiqlalının qorunacağı iddia olunur.
 
Ankara, 19/4/1336
15-ci Kolordu Komandanı Kazım Karabekir Paşa Həzrətlərinə,
 
Ermənistan üzərinə ediləcək hərbi əməliyyatların icrası və Qızıl Ordu ilə Gürcüstan istiqamətində birgə hərəkət məsələsi, milli hərəkatımızın qarşısında duran əsas vəzifələrdəndir.
 
Qızıl Ordunun Vladiqafqazdan Qara Dəniz sahili boyunca Tiflis və Batum üzərinə irəliləməsi ilə eyni vaxtda, bizim tərəfimizdən də Ermənistan üzərinə hücum təşkil olunmalıdır. Beləliklə, bölgənin tamamilə təmizlənməsi və təhlükəsizliyin təmin olunması mümkün olacaqdır.
 
Bu əməliyyat nəticəsində:
 
Ermənistan hərbi qüvvələrinin müqaviməti qırılacaq,
Azərbaycanın istiqlalı qorunacaq, Bolşeviklərin bölgədə tam hökmranlıq qurmasının qarşısı alınacaq, Qafqaz müsəlmanlarının milli varlığı daha güclü mövqeyə gətiriləcəkdir.
 
Hazırlıqlar sürətlə aparılmalı, qarların əriməsi ilə yaz aylarında əməliyyat icra edilməlidir. Əks halda həm Şərq cəbhəsinin müdafiəsi zəifləyər, həm də Azərbaycanla bağımız qırılar.
Heyət-i Temsiliyyə naminə
Mustafa Kamal
 
Bu xətt Mustafa Kamal Paşanın 26 aprel 1920-ci ildə Vladimir Lenin-ə göndərilən məşhur məktubunda daha açıq görünür:
 
“Birincisi. Biz öz üzərimizə öhdəlik qəbul edirik ki, imperialist hökumətləri ilə mübarizə aparan və bütün məzlumları onların əsarətindən azad etmək vəzifəsini qarşısına məqsəd qoyan rus bolşevikləri ilə bütün fəaliyyətimizi və bütün hərbi əməliyyatlarımızı birləşdirək.  İkincisi. Əgər sovet qüvvələri Gürcüstan əleyhinə hərbi əməliyyat başlamağı nəzərdə tutursa və yaxud diplomatik yolla, öz təsiri vasitəsi ilə Gürcüstanı ittifaqa girməyə məcbur edə bilsə, habelə, ingilislərin Qafqaz ərazisindən qovulmasını təmin edə bilərsə,  Türkiyə hökuməti imperialist Ermənistan əleyhinə hərbi əməliyyata başlamağı mümkün sayır və bundan əlavə təminat verir ki, Azərbaycan Respublikasını sovet dövlətləri dairəsinə girməyə məcbur edə biləcəkdir. Üçüncüsü, ölkəmizi işğal edən imperialist qüvvələri ölkəmizdən qovmaq və imperializmə qarşı başlanan ümumi mübarizəmizi davam etdirmək məqsədi ilə ölkə daxilində qüvvələrimizi artırmaq üçün Sovetlər Birliyinin əvvəlcə beş milyon qızıl lirə verməsini, danışıqlarda müəyyən ediləcək miqdarda silah və hərbi sursat və bunlardan əlavə, hərbi texniki üçün tikinti materialları və tibbi sarğı ləvazimatları, eyni zamanda Sovet hökumətinin tələbinə uyğun olaraq, şərqdə hərəkətə keçəcək ordumuz üçün qida maddələri ilə təmin edilməsini Sovet Rusiyasından xahiş edirik”.
 
Amma bu məktubun bir detalı xüsusilə diqqətəlayiqdir. Məktub 26 apreldə yazılsa da, Moskvaya yalnız 3 iyun tarixində kuryer vasitəsilə çatmışdı.  Bu zaman isə 28 aprel hadisələri artıq baş vermiş, Azərbaycan sovetləşdirilmişdi. Yəni bu sənəd prosesin gedişini dəyişməkdən çox, Ankaranın niyyətini və hazır olduğu kompromisləri ortaya qoyur.
 
Kamal Paşanın bütün məktublarını, yazışmalarını incələdikdə onun Azərbaycanla bağlı siyasətinin praqmatik, situativ geosiyasi vəziyyətə görə uyğun, ardıcıl olmayan xətt üzərində qurulduğu qənaətinə gəlmək olar.
 
Daha sonra Gəncə üsyanı ilə bağlı 1920-ci ilin iyununda TBMM-dəki çıxışında Kamal Paşa Qızıl Ordunun Azərbaycana daxil olmasını "Ankara hökumətinin vasitəçiliyi və təsiri sayəsində" baş vermiş bir proses kimi təqdim edir.
 
Bəs Mustafa Kamal Paşa Azərbaycanı necə görmək istəyirdi?
 
Mustafa Kamal Paşa Azərbaycanı İngiltərənin təsirindən çıxmış, Sovet Rusiyası ilə əlaqələri təmin edən, amma eyni zamanda rəsmi Moskvanın asılılığında olmayan, Ankaraya düşmən olmayan və mümkün qədər yaxın duran bir siyasi məkan kimi görmək istəyirdi. Başqa sözlə, Kamal Paşanın Azərbaycan təsəvvürü ideoloji layihə yox, geosiyasi körpü idi. Bu körpü vasitəsilə Ankara Sovet Rusiyası ilə əlaqə qurmalı, Qafqazdan İngiltərənin ayağı kəsilməli, regionda türk-müsəlman faktorunun mövqeyi qorunmalı, Azərbaycan sosialist modelində cümhuriyyət kimi qurulsa da müstəqilliyini qorumalı idi.
 
Bəs nəticə necə oldu?
 
Azərbaycanda Nəriman Nərimanovun başçılığı ilə Sovet hakimiyyətinin qurulması müəyyən qədər Kamal Paşanın regionla bağlı mənafeyini cavab verirdi. Hətta Mustafa Kamal pul yardımı ilə bağlı ilk aylarda müstəqil sovet dövlətinə-Azərbaycan SSR-ə müraciət etmişdi. Lakin türk zabitlərinin Bakıdan uzaqlaşdırılması və 1922-ci ildə SSRİ-nin qurulması geosiyasi düzüm tamamilə dəyişdi və Mustafa Kamal Paşa siyasətini buna uyğun qurmağa başladı. 



Əli Novruzov (tarixçi)