"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında komandanın inkişafını müsbət qiymətləndirib. İngiltərəli futbolçu bildirib ki, yeni çalışdırıcının gəlişi kollektivdə böyük özünəinam yaradıb və oyun sistemini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Onun sözlərinə görə, sabiq mütəxəssis Ruben Amorimin dönəmindəki uğursuzluqlardan fərqli olaraq, hazırda klub həm müdafiədə, həm də rəqib qapısı qarşısında daha inamlı çıxış edir.
Postxronika.az xəbər verir ki, aprelin 27-də "mankunianlar" İngiltərə Premyer Liqasının 34-cü turunda "Brentford"u 2:1 hesabı ilə məğlub ediblər. Qeyd edək ki, Kerrik bu vəzifəyə cari ilin yanvarında təyin olunub və müqaviləsi mövsümün sonunadək qüvvədədir. Hazırda 61 xalı olan "qırmızı şeytanlar" çempionatın turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar.