Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçirilir.
Postxronika.az xəbər verir ki, ölkənin 21 şəhər və rayonunda təşkil olunan prosesdə ümumilikdə 29 182 iştirakçının qatılması nəzərdə tutulub. Saat 10:00-da başlayan imtahanın idarə olunmasına 3 700-dən çox əməkdaş cəlb edilib.
İştirakçılara dinləyib-anlama, dil qaydaları və oxu üzrə ümumilikdə 30 tapşırıq təqdim olunub. İmtahanın müddəti 1 saat 30 dəqiqədir və şagirdlərin toplaya biləcəyi maksimum nəticə 100 bal olaraq müəyyən edilib. Ali məktəblərə qəbul üçün cari ilin məzunları 50, əvvəlki illərin abituriyentləri isə ən azı 15 bal toplamaqla "məqbul" qiymət ala bilərlər. Sağlamlıq imkanları məhdud 55 iştirakçı üçün də binalarda xüsusi şərait yaradılıb.